“Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsi
“Azerbaijan Digital Hub” proqramının birinci mərhələsi çərçivəsində icra edilən ən mühüm layihələrdən biri də məhz Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması ilə bağlı aparılan “Rəqəmsal İpək Yolu” – “Digital Silk Way” layihəsidir.
Tarixi ipək yolunun üzərində yerləşən, əlverişli coğrafi mövqeyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hazırda Qərblə Şərq arasında həm də rəqəmsal ipək yolunun yaradılması üzrə geniş imkanlara sahibdir.
Proqram çərçivəsində icra olunan bu layihə Avropanın internet mərkəzlərindən rəqəmsal kontentin və internet xidmətinin məhz Azərbaycan üzərindən Asiya ölkələrinə daşınmasını nəzərdə tutur.
Layihə Azərbaycanın yaradılacaq telekommunikasiya dəhlizində mərkəzi mövqeyə sahib olmasını, internet xidmətinin və iri kontent operatorları olan “Google”, “Amazon”, “Allibaba”, “Netflix”, “Facebook” və digərlərinin kontentinin daşınmasında tranzit ölkə olmasını, gələcəkdə isə Bakının İnternet Mübadilə Mərkəzinə çevrildikdən sonra mərkəzə çevrilməsini və bu kontentin, eləcə də internetin artıq buradan Orta və Cənubi Asiya regionu dövlətlərinə, eləcə də digər ətraf region dövlətlərinə daşınmasını özündə ehtiva edir.
“Digital Silk Way” layihəsinə internet trafikinə böyük ehtiyacın duyulduğu Orta və Cənubi Asiya regionu dövlətlərinin böyük marağı vardır. Onu da qeyd edək ki, 2019-cu ilin 25-27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu çərçivəsində “AzerTelecom” şirkəti ilə Çinin “China Telecom” və “Huawei” şirkətləri arasında Əməkdaşlıq barədə Memorandum imzalanıb. Bu sənədlər “AzerTelecom” ilə “China Telecom” və “Huawei” arasında “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı əməkdaşlığı özündə əks etdirir.
“Digital Silk Way” layihənin reallaşması bu regionların hər il artan intrenet tarfikinə olan ehtiyyacının ödənilməsinə mühüm töhfə verəcəkdir və regionda bağlantı xidmətlərini inkişaf etdirəcəkdir.