Ölkə daxilində rəqəmsal infrastrukturun inkişafı layihəsi
“AzerTelecom” şirkəti “Azerbaijan Digital Hub” proqramının ilk mərhələsinin icrası çərçivəsində ölkə daxilində dayanıqlı magistral kabel infrastrukturunun qurulması layihəyə başlayıb. Bu layihə icra olunan “Rəqəmsal İpək Yolu” layihəsinin Azərbaycan hissəsini təşkil edir. Ölkə daxilində magistral infrastrukturun qurulması üçün “AzerTelecom” və Azərbaycan Dəmir Yolları QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair müvafiq sənədlər imzalanıb.
Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması Azərbaycanın hazırda sahib olduğu nəqliyyat və enerji dəhlizləri statusu ilə yanaşı ən qısa perspektivdə ölkənin regionun rəqəmsal mərkəzinə çevrilməsinə imkan verəcək. Layihə “AzerTelecom” tərəfdən həmçinin Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycanın Nəqliyyat Habına çevrilməsi layihəsi çərçivəsində aparılır.
Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması və bu infrastrukturların ölkəmizdə kəsişməsinə, eləcə də ölkədə telekommunikasiya sektorunun inkişafına mühüm təkan verəcək.
Layihənin icrası Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan müxtəlif beynəlxalq telekom operatorlarının infrastrukturlarının ölkəmizdə kəsişməsinə gətirib çıxaracaq. Layihənin reallaşması həmçinin Azərbaycan Dəmir Yolları QSC-nın da infrastrukturunun güclənməsinə, bu infrastruktur boyunca yeni texnologiyaların tətbiqinə, ümumilikdə isə rəqəmsallaşmaya xidmət edəcək.