Proqram haqqında
“Azerbaijan Digital Hub” proqramı Azərbaycan Respublikasının regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən icra edilir. Proqramın məqsədi Azərbaycanın telekommunikasiya ekosisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin internetin alışında xarici ölkələrdən asılılığının minimuma endirilməsi, Bakının dünyanın internet xəritəsinə daxil edilməsi və burada İnternet Mübadilə Mərkəzinin (IXP – Internet Exchange Point) yaradılmasıdır. Həmçinin proqram perspektivdə Azərbaycanın regionda internetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən “Made in Azerbaijan” brendi altında bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunmasını da hədəfləyir. Proqram çərçivəsində Azərbaycanın yaxın gələcəkdə Qafqaz, MDB, Yaxın Şərq, Orta Asiya və Cənub Asiya ölkələrini əhatə edən böyük bir regionun rəqəmsal mərkəzinə çevrilməsi bu regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisinin ¼-i) müxtəlif rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsinə şərait yaradacaqdır.“Azerbaijan Digital Hub” proqramının icrasına Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsi olan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən 2018-ci ildən start verilib. Azərbaycanın hazırda sahib olduğu enerji və nəqliyyat mərkəzləri statusuna əlavə olaraq ölkənin həm də regional rəqəmsal mərkəzə çevrilməsini nəzərdə tutan "Azerbaijan Digital Hub" proqramı ümumilikdə 3 mərhələdən ibarətdir:
- Birinci mərhələ ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğunu, Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını;
- İkinci mərhələ regionda ən böyük Data Mərkəzin Azərbaycanda tikintisini və Bakı şəhərinin İnternet Mübadilə Mərkəzinə (IXP) çevrilməsini;
- Üçüncü mərhələ ümumilikdə Azərbaycanda rəqəmsal ekosistemin formalaşmasını özündə ehtiva edir.
Proqram hazırda Azərbaycanın da qədəm qoyduğu “Sənaye 4.0” (Dördüncü Sənaye İnqilabı) şəraitində informasiya və kommunikasiya texnologiyaları sektorunun dayanıqlı inkişafı, ölkənin Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Tərəfdaşlar