Transxəzər Fiber Optik Kabel Xətti layihəsi
“AzerTelecom” şirkəti 2018-ci ilin sonundan Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması məqsədilə Azərbaycan Respublikası ilə Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi üçün “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinə start verib.
“Transxəzər Fiber Optik Kabel Xətti” layihəsi iki istiqamətdən ibarətdir. Birinci istiqamət Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini, ikinci istiqamət isə Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsini nəzərədə tutur.
Azərbaycan-Qazaxıstan marşrutu
Layihənin birinci istiqaməti Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsidir. Bu məqsədlə 2018-ci ilin sonunda Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelekom” və “KazTransCom” telekommunikasiya operatorları Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılması üçün “Transxəzər Fiber Optik Kabel Xətti”nin (TransCaspian Fiber Optic – TCFO) tikintisi üzrə əməkdaşlıq haqda memorandum imzalayıblar. Ümumi uzunluğu 380-400 km olacaq “Transxəzər Fiber Optik Kabel Xətti”nin çəkilməsi ilə bağlı 3 şirkət arasında Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb və müvafiq sənədlər imzalanıb. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. Kabel xətti Siyəzən və Aktau coğrafi məkanları arasında çəkiləcək.
2019-cu ilin 19 mart tarixində Azərbaycan və Qazaxıstan arasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası Saziş imzalanıb.
Saziş 11 aprel tarixində müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.
17 may 2019-cu il tarixdə isə dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib.
Həmçinin, 2019-cu ilin əvvəlində 3 şirkət arasında magistral kabel xəttinin tikintisi üzrə müştərək müqavilə də imzalanıb.
2019-cu ilin 19 noyabr tarixində isə Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub. Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri Qazaxıstan ərazisində işlərə başlanılmasına dair mərasimdə iştirak ediblər.
Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan “McKinsey and Company”, “Detecon”, “Axiom”, “DLA Piper”, “Huawei”, “PwC” kimi şirkətlər cəlb olunub.
Azərbaycan-Türkmənistan marşrutu
“Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinin ikinci istiqaməti Azərbaycan-Türkmənistan marşrutudur.
Layihənin icrası məqsədilə 28 noyabr 2019-cu il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan “Türkmentel 2019” 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə magistral kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş imzalanıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının və Türkmənistanın rabitə operatorları tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili” haqqında dövlətlərarası sazişə əsasən, magistral fiber-optik kabel xətti Azərbaycan tərəfdən magistral internet provayderi “AzerTelecom” şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru “Türkmentelekom” tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək.
2020-ci ilin 11 mart tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimində rabitə operatorları “AzerTelecom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Türkməntelekom” Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandum”u imzalanıb.
Ümumi uzunluğu 300 km olacaq magistral kabel xətti 2-4 terabit/s həcmində məlumatların ötürülməsinə imkan verəcək.
Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək, Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək.